QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

2. Qaraqoyunlu Əmir Saad türbəsi

         İrəvan şəhərinin ətraf kəndlərindən biri olan Cəfərabad kəndində (Argavand) yerləşən, Pir Hüseyn türbəsi adı ilə də tanınan bu tarixi abidə Qaraqoyunlu tayfa ittifaqının əsas qolunu formalaşdıran Saad tayfasının əmirinin şərəfinə inşa edilib. Qırmızı tuf daşdan inşa edilmiş onbucaqlı türbənin hündürlüyü 12 metrdir. Türbəninin qübbəsinin altında, karnizin alt hissəsindəki friz kəmərini əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabənin başlanğıcı və sonu məqbərənin giriş hissəsinin üstündə birləşir.

       Bu abidə Ermənistan Respublikası ərazisində ən vacib müsəlman epiqrafik abidələrindən biridir. Kitabədə Əmir Saadın və onun oğlu Pir Hüseynin, Qaraqoyunlu hökmdarı Qara Yusifin və onun oğlu Pir Budağın adı çəkilir. Süls elementli nəsx xətti ilə Qurandan Bəqərə surəsinin 256-cı ayəsi yazılmış və qiymətli tarixi məlumatların verildiyi kitabədə deyilir :

الله لا اله الا هو الحي القيوم لا تأخذه سنة ولا نوم

له ما في السماوات و ما في الأرض من ذا الذي

يشفع عنده الا بإذنه يعلم ما بين أيديهم و ما خلفهم

و لا يحيطون بشيء من علمه الا بما شاء وسع

كرسيه السماوات و الارض و لا يؤوده حفظهما و هو

العلي العظيم

أمر بإنشاء هذه البقعة المباركة الا عظم الاكرم

مجمع المكارم و الشيم، عمد الملوك و السلاطين

ملجأ الضعفاء و المساكين، مربي العلماء و

الطالبين، معين الفقراء و السالكين جلال الدولة

و الدين الأمير پير حسين، دامت معدلته ابن الامير

المرحوم المغفور، الدارج الى جواره لغفور

الامير سعد. طاب ثراه في أيام دولة السلطان

الاعظم خاقان الاكرم، سلطان السلاطين شرقاً و

غرباً معين الدولة و الدين پير بوداق خان و

يوسف نويان خلد الله ملكهما في تاريخ خامس

عشر رجب الاصمّ لسنة ست و عشر و ثمان مائة

 

"Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən , dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir-Hüseyn əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabr[9]) ucaldıldı... Allahın rəhmi ona olsun ... Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində ... Allah onların gücünü əbədi etsin!"

     Göründüyü kimi türbənin ərəbcə yazısında onun əmir Pir-Hüseynin əmri ilə tikildiyi həkk olunub. Kitabədə yalnız bir neçə tarixi şəxsin adı yox, həm də bəzi maraqlı faktlar açıqlanır. Belə ki, burada Pir Budaq xan "ən böyük sultan, ən nəcib xaqan, şərqin və qərbin sultanı, dövlətin və dinin köməkçisi..." adlandırılır. Onun adından sonra atası Qara Yusif sadəcə "noyon" (Yusif noyon) titulu ilə xatırlanır. Pir Budağın adının Qara Yusifin adından əvvəl xatırlanması, 1409-cu ildə Qara Yusifin öz oğlu Pir Budağı Təbrizdə taxta çıxarması ilə bağlıdır. Qara Yusifin bu addım nominal xarakter daşıyırdı, belə ki, onun özü əslində hökmdar idi. Məlumdur ki, Pir Budaq 816-cı ilin şaban ayında (noyabr 1413) vəfat edib, Cəfərabad türbəsindəki kitabə isə ondan bir ay əvvəl, 816-cı ilin rəcəb ayının 15-də (oktyabr 1413) həkk olunub, yəni onun ölümündən bir ay əvvəl.  

    Bu abidə Ermənistanda dövlət mühafizəsinə götürülüb və dövlətin xarici siyasətində bir təbliğat vasitəsi kimi istifadə edilir. Belə ki, bu abidə Türkmənistan dövlətinin və Türkmən xalqının mədəni irsi kimi təbliğ edilir, abidənin qarşısında qoyulan məlumat lövhəsi də türkməncədir. Türkmənistan prezidenti və rəsmi dövlət adamları Ermənistana səfər zamanı bu abidəni ziyarət edirlər və bu artıq ikitərəfli münasibətlərdə rəsmi protokola daxil edilib. Bu abidənin ərazisində erməni və türkmən arxeoloqlar birgə tədqiqat aparır, birgə bərpa və konservasiya işləri həyata keçirirlər. Abidənin Türkmənistan mədəni irsi kimi təbliğ edilməsi elmi nöqteyi-nəzərdən gülüncdür, belə ki, orta əsrlərdə müsəlmanlığı qəbul etmiş oğuz türklərinə elmi ədəbiyyatda və tarixi mənbələrdə türkmən adı verilirdi. Azərbaycan xalqının etnogenezində böyük rol oynamış Ağqoyunlu, Qaraqoyunlu və Qızılbaş tayfalarına ümumiyyətlə türkmən deyilirdi.

Qaraqoyunlu Əmir Saad türbəsi
Qaraqoyunlu Əmir Saad türbəsi
Qaraqoyunlu Əmir Saad türbəsi
Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.