Ermənistan Respublikasının ərazisindəki müsəlman epiqrafik abidələri
2005-ci ildə Ermənistan Mədəniyyət Nazirliyinə hökumət tərəfindən ayrılan 6 min manatlıq vəsait əsasında ölkə ərazisindəki qeyri-erməni abidələri, qəbirstanlıqları və memarlıq abidələrinin qeydiyyatı aparılmışdı: monitorinqlər nəticəsində Ermənistan ərazisində azərbaycanlı əhaliyə məxsus olan 69 müxtəlif qəbirstanlıq aşkar edilmişdi. Bu qəbiristanlıqlar, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı bölgələrdəki ziyarətgahlar, türbə və qəbirüstü abidələrin böyük bir hissəsi dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələri siyahısına daxil edilməyib. Məsələn, Ermənistan Respublikasında dövlət mühafizəsinə götürülmüş “qeyri-erməni tarixi və mədəni abidələr” siyahısında Zəngəzur bölgəsində yalnız altısı müsəlman, biri yunan kilsəsi olmaqla 7 abidə (Mehri rayonu Lehvaz kəndi yaxınlığındakı qəbirstanlıq və səkkizbucaqlı türbə, Baba Hacı ziyarətgahı, Xələc kənd məscidi) mədəni irs nümunələri daxildir. Ermənistanın Mədəniyyət Nazirliyinin "Tarixi Mühit və Tarixi-Mədəni Muzey Qoruqlarının Mühafizəsi Xidməti" QSC bu abidələrə nəzarət edir və həmin abidələr dövlət mülkiyyəti kimi qəbul olunur.
2005-2006-cı illərdə müsəlman abidələrinin bəzilərinin birdən-birə dövlət mühafizəsinə götürülməsi ehtiyacı niyə yaranmışdı ? Bu, birbaşa olaraq beynəlxalq müstəvidə Ermənistanın Azərbaycanda xristian abidələrinin dağıdılması iddiası qaldırması ilə bağlı idi. Belə ki, Ermənistan tərəfi beynəlxalq tribunalarda öz iddialarını qüvvətləndirmək üçün heç olmasa bir neçə müsəlman abidəsinin dövlət mühafizəsinə götürülməklə siyasi-ideoloji cəhətdən öz mövqeyini gücləndirmək istəyirdi.
Ermənistan ərazisində 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı kəndlərdə İkinci Dünya Müharibəsinə qoyulmuş abidələr vardır ki, onların üzərində faşist Almaniyasına qarşı müharibədə həlak olmuş azərbaycanlıların adları yazılıb. Bəzi kəndlərdə bu abidələr üzərindəki adlar, abidələrin özünü qorumaqla, qəsdən silinib. Mehri rayonunun Lehvaz kəndində qoyulmuş bu tipli bir abidənin üzərində 2012-ci ildə 41 azərbaycanlının adını oxumaq mümkün idi.[1]
Ermənistan Respublikası ərazisində azərbaycanlıların tarixən kompakt yaşadığı bölgələrdəki abidələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılmadığına və ciddi elmi tədqiqat işləri olmadığına görə bu mövzuda kataloq hazırlanması metodoloji cəhətdən çox çətin tapşırıqdır. Düzdür, bir sıra blogger-səyyahlar, jurnalistlər, tədqiqatçılar tərəfindən toplanmış materiallar abidələrin vəziyyəti ilə bağlı çox bulanıq olsa da bir portret cızmağa imkan verir.[2]
Ermənistan SSR Elmlər Akademiyası tərəfindən 1987-ci ildə nəşr edilmiş “Ermənistan ərəb yazıları korpusu (VIII-XVI əsrlər)” kitabına 500-dən artıq epiqrafik abidənin, ərəb, fars və türkçə mətnləri daxil edilmişdir. Bu tədqiqat işi üçün erməni müəllif 1977-1978-ci illərdə Ermənistan SSR-nin müxtəlif bölgələrində çöl tədqiqatı həyata keçirib, Ermənistanda muzey fondlarına (İrəvan Tarix muzeyi, Gorus Tarix-Diyarşünaslıq muzeyi və s.) daxil olan müsəlman epiqrafik abidələrini təhlil edib, bir sıra arxiv materialları və fotoları tədqiqata cəlb edib. Nəticədə, VIII-XIX əsrə aid ərəb, fars və türkdilli epiqrafik abidələrin estamp və fotofiksasiya işləri həyata keçirmişdir. Kitab əslində I cild olaraq nəşr edilib və ancaq 16-cı əsrə qədərki müsəlman abidələrini əhatə edir. Gələcəkdə XVI-XIX əsrlərə aid digər cildlərin nəşri nəzərdə tutulsa da, Ermənistan ərazisindəki müsəlman epiqrafik yazılarının tam korpusunun verilməsinin gələcəkdə Ermənistan millətçilərinin ideoloji xəttini zəiflədəcəyi düşünülərək sonrakı cildlər indiyədək nəşr edilməyib. Erməni alim və epiqraf A.A. Xaçatryan bu kitabında təəssüf ki, əsasən Ermənistan SSR ərazisindəki müsəlman epiqrafik abidələri üzərində konstantrasiya olmur, əvəzində isə Naxçıvan, Qarabağ və Şərqi Anadoluda (Böyük və ya Tarixi Ermənistanda yerləşdiyini arqument kimi gətirərək) yerləşən monumental abidələr üzərindəki epiqrafik abidələrə geniş yer verir. Bu da, kitabda Ermənistan SSR ərazisindəki digər yüzlərlə müsəlman abidəsinin diqqətdən kənarda qalmasına səbəb olub.
Nə qədər təəccüblü görünsə də, Ermənistan ərazisindəki müsəlman yazılı abidələr ilk dəfə bir məcmuə şəklində bu qədər gec, yalnız 1987-ci ildə nəşr edilmişdir.[3] Buna qədər isə, A. Xaçatryan ancaq Aşağı Talın qalasındakı Şəddadilər sülaləsinə aid yazılara həsr etdiyi məqaləni,[4] Keşişkənd rayonunun Alagöz kəndində üç dildə (ərəb, fars və erməni) yazılmış baş daşına həsr edilmiş məqaləni[5], Qarakilsə rayonunun Urud kəndində isə 7 qəbirüstü abidənin təhlililə həsr edilmiş məqaləni nəşr etdirmişdir.[6] Bu sonuncu məqalənin məqsədini erməni müəllif belə izah edir : “Bu yazılar XV–XVI əsrlərdə Syunik bölgəsində sosial-etnik proseslərin və siyasi tarixin öyrənilməsi üçün maraq kəsb edir, bəzi erməni kənd əhalisinin, o cümlədən yerli erməni feodal zadəganlarından ayrı-ayrı nümayəndələrin islamlaşması faktını ortaya qoyur”. Müəllifin erməni əhalinin sonradan islamlaşması arqumentini sübut etməyə çalışması isə Zəngəzurun Qarakilsə rayonunun Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın (1924-2016) 1961-1963-cü illərdə apardığı elmi tədqiqatları və bunun nəticələrinin 1981-ci ildə nəşr etdiyi kitabına tələm-tələsik yazılmış cavab idi.[7] Digər Erməni alim A. Papazyan da Məşədi Xanım Nemətovanın Urud kəndində apardığı tədqiqatlara bir növ “cavab olaraq” 1983-cü ildə bu kənddə “Kəndxuda Avlakum oğlu Əmir Vasak”ın epitafiyasının təhlilini vermiş, onun sonradan müsəlmanlaşmış köklü xristian ailəsinə mənsub olduğunu iddia etmişdir.[8] Hər iki erməni müəllif Ermənistan ərazisindəki müsəlman epiqrafik abidələrinin Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi göstərilməməsi üçün orta əsr erməni feodal sinfinin ərəb əlifbasından geniş istifadə etməsi arqumentini elmi cəhətdən müdafiə etməyə cəhd edərək bu mülahizəni “dəstəkləyən” epiqrafik abidələrin təhlilinə üstünlük vermişlər. Bu ənənəni biz daha əvvəlki dövrlərdə də müşahidə edirik. A. N. Ter-Gevodyan 1965-ci ildə Anberd qalasında arxeoloji qazıntılar nəticəsində tapılmış bir ərəbcə kitabənin təhlilinə geniş yer vermişdir, çünki bu kitabə XII əsrin sonunda Araqatsotn bölgəsinin Şəddadilərdən azad olunması və Zakarid sülaləsinin bölgədə hakimiyyətini qüvvətləndirməsi fikrini “sübut etməyə” kömək etməli idi.[9]
Əslində, Ermənistan SSR ərazisindəki minlərlə epitafiya, müxtəlif monumental abidə üzərindəki epiqrafik yazılar sistematik şəkildə öyrənilməmiş, yalnız müxtəlif dövrlərdə onlardan bəziləri siyasi-ideoloji məqsədlərə və müəyyən millətçi diskursa xidmət etdikdə elmi nəşrlərə daxil edilmişdir. Epiqrafik abidənin həkkaklarının erməni əsilli olması, bəzi abidələrin erməni knyazlar tərəfindən dövrün tələbinə görə ərəbcə qoyulması kimi fikirlər müdafiə edilmiş, bəzi adların oxunuşunda isə erməni əhalinin müsəlmanlaşması və Ermənistanda yaşayan Azərbaycanlı əhalinin əslində müsəlmanlaşmış erməni olmaları fikirləri birbaşa elmi cəhətdən əsaslandırılmağa çalışılmışdır. Əslində Məşədixanım Nemətova Urud kəndində apardığı tədqiqatlarda xristian albanların müsəlmanlaşmasını baş daşlarındakı yazılara əsasən sübut etmiş, xristian alban əhalinin bir hissəsinin orta əsrlərdə islamlaşması faktını məqbul hesab etmişdir. A.D. Papazyan isə Ağqoyunlu və Qaraqoyunlu hakimiyyəti dövründə erməni feodal ailələrin öz mülklərini qorumaq üçün Qaraqoyunlu-Ağqoyunlu hakimiyyəti dövründə müsəlmanlaşması fikrini müdafiə edir.
Maraqlısı budur ki, Azərbaycan alimləri tərəfindən Ermənistan ərazisindəki bəzi bölgələr üzrə kiçik tədqiqat işləri aparılsa da, müsəlman abidələri (və onları taleyi) sistematik şəkildə heç bir zaman Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən bir elmi problem kimi prioritetləşdirilməyib, bu mövzuya elmi disertasiyalar həsr edilməyib.
Ermənistan Respublikası ərazisində yerləşən müsəlman epiqrafik abidələrin tədqiqi tarixi XIX əsrin 30-cu illərindən çar Rusiyası şərqşünasların, səyyahların əsərlərində və qeydləri ilə başlayır. Şopen Göyçə gölü sahilində qoç və at formalı üzəri bəzəkli müsəlman qəbirstanlıqlarından bəhs edir.[10] Rus Şərqşünası Nikolay Xanıkov (1819-1878) tərəfindən Şəddadilər dövründə tikilmiş Aşağı Talın kəndində yerləşən qalanın 570-ci ilə (m.1174) aid kitabəsindən ilk dəfə bəhs etmişdir. [11] Akademik Bartold isə Zvarnots məbədinin daxili suvağında qalmış kufi xətli ərəb yazısını qismən oxuya bilmişdir. Erməni alim A.D Papazyan isə Zəngibasar (Masis) rayonunun Cəfərabad (Arqavand) kəndində yerləşən Qaraqoyunlu əmiri, Saadlu tayfasından olan Pir Hüseyninin dairəvi türbəsinin üzərində olan epiqrafik abidəyə geniş bir elmi məqalə həsr etmişdir.[12]
1988-ci ildən günümüzədək çöl tədqiqatlarının aparılmasının qeyri-mümkünlüyü ucbatından Azərbaycan tədqiqatçıları tərəfindən Ermənistan Respublikası ərazisində müsəlman epiqrafik abidələrin sistemli şəkildə öyrənilməyib, fotofiksasiyas işləri, mütəmadi monitorinqlər aparılmayıb. Buna görə də, hansı epiqrafik yazıların hələ də bütövlüyünün qorunması haqqında informasiyanı, təəssüf ki, yalnız ikinci əl materiallardan, müxtəlif foto və video-reportajlardan, blogger və səyyahlar tərəfindən verilmiş məlumatlardan əldə etmək mümkündür. Doğrudur, erməni şərqşünasları tərəfindən ötən dövrdə müsəlman epiqrafik abidələri barədə bir sıra nəşr edilmiş məqalələr də mövcuddur, lakin bunlar əsasən ancaq dövlət mühafizəsinə götürülmüş monumental abidələri əhatə edir.
Erməni alim və epiqraf A.A. Xaçatryan Ermənistan SSR ərazisindəki abidələrdən bəhs edərkən nəinki Azərbaycan və onun mədəni irsinin adını çəkir, hətta Naxçıvan, Qarabağ və Şərqi Anadoluda yerləşən çoxsaylı müsəlman epiqrafik abidələrini tarixi Ermənistan ərazisindəki epiqrafik abidələr kimi təqdim edir. Kitab əslində I cild olaraq nəşr edilmişdi, buna baxmayaraq, Ermənistan ərazisindəki müsəlman epiqrafik yazılarının tam korpusunun verilməsinin gələcəkdə Ermənistan millətçilərinin ideoloji xəttini zəiflədəcəyi düşünülərək sonrakı cildlər heç vaxt nəşr edilməyib.
Müəllif bu məcmuənin giriş hissəsində yazır :
Beləliklə, Ermənistanın ərəb yazılarını iki baxımdan nəzərdən keçirmək olar: bir tərəfdən, onlar bu bölgənin abidəsi kimi Ermənistan xalqının və Ermənistanın tarixi və mədəniyyəti ilə əlaqəlidir, digər tərəfdən - eyni dərəcədə onların yazıldığı xalqın dili ilə, yəni ərəb mədəniyyəti ilə bağlıdır. Bu səbəbdən, onları iki aspektdə nəzərdən keçirmək məqsədəuyğundur: tarixi və dil-yazı aspektində, çünki təkcə dil yazının mədəni mənsubiyyətini müəyyənləşdirmir, axı ərəb yazılarının (və memarlıq abidələrinin) əksər hissəsinin yaradıcısı və sifarişçisi ərəblər deyil, yerli mənşəli şəxslər - ermənilər idi.[13]
Ermənistan Respublikası ərazisində hazırda müsəlman epiqrafik yazıların həkk olunduğu minlərlə maddi-mədəniyyət abidəsi vardır.
Onlar əsasən aşağıdakı kateqoriyalara bölünür :
Ermənistan Respublikası ərazisində ən qədim ərəbdilli yazılar VIII əsrin ikinci yarısına (Zvarnots məbədinin divar qrafitiləri ) aiddir. Dövrümüzə qədər salamat gəlib çatmış bu yazıların böyük bir hissəsi məbədlərin divarları üzərində həkk edilmişdir.
Azərbaycanlıların vaxtilə kompakt halda yaşadığı bəzi kəndlərin tarixi qəbirstanlıqların aqibəti haqqında son fikirlər, təəssüf ki, ancaq blogger və jurnalistlərin verdiyi məlumatlara istinad edilə bilir. Məsələn, Axırıncı “Aşırım filmi”nin çəkildiyi Vedi rayonunun Çəmənkənd (Urçadzor) yaşayış məntəqəsinin müsəlman qəbirstanlığının dağıdılması haqqında reportaj qədim qəbirlər vandalizmə məruz qaldığını göstərir.[14] Sosial şəbəkələrdə Erməni iri yük maşınları ilə bəzi qəbirlərin (Fitat Məmməd qızı Quliyeva) məqsədli şəkildə uçurulduğu faktını görmək olar.[15] Erməni kənd sakinlərinin dediyinə görə Hamamlı rayonunun Saral kəndinin (Nor Xaçakap) 2 tarixi qəbirstanlığından isə 2007-ci ildə yük maşınları ilə gəlib baş daşlarını daşıyıb aparmış, başqa işlərdə (tikinti və ya yenidən qəbir daşı kimi) istifadə edilmişdir.[16] Saral kəndinin sakinlərinin 2/3-nü Daşkəsənin Quşçu kəndindən 1988-ci ildə köçürülmüş erməni ailələlər təşkil edir. Xatırladaq ki, 2006-cı ildə "Kəsişən Sərhədlər" proqramı çərçivəsində Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin təşəbbüsü ilə 5 ay ərzində 900 dollar xərc edilərək Saral kəndində Azərbaycan qəbiristanlığı abadlaşdırılıb. Bu, təbii ki, təbliğat xarakterli bir tədbir idi və Ermənistanın Azərbaycana qarşı beynəlxalq müstəvidə apardığı ideoloji diskursun gücləndirilməsi məqsədilə edilmişdi.[17] Çünki layihənin təşəbbüskarlarından olan Naira Bulgadarian adlı insan haqları müdafiəçisi 1 il sonra əraziyə yenidən səfəri zamanı bərpa işinin aparıldığı yerdəki lövhənin qırıldığı, qonşu Arcut kəndində isə qəbir daşlarının birdəfəlik yox olduğunu yazmışdı.[18]
Bu kataloq-saytda ancaq 2024-cü ildə fiziki olaraq yerində mövcud olduğu müəyyən vasitələr ilə sübuta yetirilmiş epiqrafik abidələr öz əksini tapır. Sözgedən minlərlə müsəlman epiqrafik abidəsinin çox böyük bir hissəsi məqsədli vandalizmə məruz qaldığına görə və fiziki olaraq bu gün mövcud olmadığına görə ancaq tarixi sənədlər əsasında öyrənilməsi mümkündür. Maraqlıdır ki, epiqrafik abidələrdən bəziləri isə əksinə, dövlət mühafizəsinə götürülüb propaqanda vasitəsi olaraq istifadə edilir, lakin onların məzmunu tamamilə təhrif edilir. Bu, əsasən iri və çox tanınmış monumental abidələrin misalında özünü göstərir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "İCOMOS Azərbaycan" İctimai Birliyinin iştirakçılığı ilə həyata keçirilib.
İSTİNADLAR:
[1] https://web.archive.org/web/20210926123744/https://www.lragir.am/2012/06/14/66842/
[2] Kharatyan, Lusine, Arsen Hakobyan, and Raffi Kortoshian. “Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence.” Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence, 2019.
[3] Xaçatryan A. A., Ermənistanın ərəb yazıları korpusu (VIII–XVI əsrlər), /Cavabdeh redaktor O. G. Bolşakov — İrəvan, Ermənistan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1987, 235 səh., 42 şəkil.
[4] А. Хачатрян, Талинская арабская надпись 570 (1174 г. — «Շրջանային գիտական հանդես», 1979, № 4, с. 188–198
[5] А. А. Хачатрян, Трехъязычная надпись из Елегиса. — «Кавказ и Византия», вып. 3, Ереван, 1982, с. 124–134
[6] А. А. Хачатрян, К расшифровке и интерпретации некоторых арабских надписей Армении (XV—XVI вв.). — «Շրջանային գիտական հանդես», 1984, № 12, с. 50—68
[7] М. С. Нейматова, Мемориальные памятники Азербайджана (XII—XIX века), Баку 1981,
[8] А. Д. Папазян, Новые эпиграфические данные о последних отпрысках армянской феодальной знати в Сюник. — «Շրջանային գիտական հանդես», 1983, № 4, с. 118–125.
[10] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи.Спб.,. 1852.
[11] N. Khanikoff, Mémoire sur les inscriptions musulmanes de Caucase. - JA, série V, t. XX. 1862. p. 73–74
[12] А. Д. Папазян, Арабская надпись на гробнице туркменских эмиров в селе Аргаванд.—«Ближний и Средний Восток», М., 1962, с. 68–75.
[13] Хачатрян А. А. Корпус арабских надписей Армении (VIII—XVI вв.) /Отв. ред. О. Г. Большаков.— Ер., Изд-во АН АрмССР, 1987 235 с., 42 л), s.5
[14] https://archive.org/details/getfvid_10000000_199723371348646_2714406913110553238_n
[15] https://www.facebook.com/100001274777069/videos/1181506382432875
[16] https://iwpr.net/ru/global-voices/armeniya-pechalnaya-uchast-azerbaydzhanskikh-mogil-0
[17] Bu layihəyə Niderland Sülh üzrə Kilsələrarası Şura (IKV) və Kilsələrarası Əməkdaşlığın İnkişafı Təşkilatının (ICCO) dəstəyi ilə 900 dollar xərclənib. https://a1plus.am/ru/article/220455
[18] https://iwpr.net/global-voices/armenia-sad-fate-azeri-graves