Mehri rayonunda Naxçıvan MR ilə sərhədin yaxınlığında yerləşən Buğakar adlı kənd 1930-cu illərə kimi mövcud olmuş, daha sonra isə kənd sakinləri Lehvaz kəndinə köçürülmüşdür. Toponim, Əylis, Ordubad və Meğrini birləşdirən eyni adlı dağ keçidi ilə bağlıdır, belə ki, tarixi xəritə və sənədlərdə bu tarixi yol üzərindəki aşırıma Buğakar keçidi deyilib. Bəzi azərbaycanlı müəlliflərin fikrincə Buğakar kəndi öz adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almışdır. Bu kəndin xarabalıqlarında yerləşən Buğakar piri (yerləşmə koordinatları 38°59'36"N 46°8'48"E) yerli müsəlmanlar tərəfindən müqəddəs bir ziyarətgah kimi kənd ləğv edildikdən sonra da qorunub saxlanmışdır. Bəzi məlumatlara görə bu ziyarətgah xalq arasında Sultan Seyid Əhməd (Seyid Əhməd Musa ibn Kazım) məqbərəsi kimi tanınıb. Bəzi xalq inanclarına görə isə 7-ci imam Musa Kazımın övladlarından biri və ya imamın öz bacısı burada dəfn edilib. Ermənistan Respublikasında dövlət mühafizəsinə götürülmüş azsaylı müsəlman tarix-mədəniyyət abidələrindən biridir.
Ziyarətgahın özü Lehvaz kəndindən səkkiz kilometr şimal-qərbdə, Şeyxhud dağı yamaclarında, Naxçıvan sərhədinə çox yaxın yerləşir. Erməni etnoqrafı Stefan Lisitsiyan 1932-ci ildə bu pir-ziyarətgahı ziyarəet etmiş və buranın fotoqrafları çəkilmişdir.[1] Onun sözlərinə görə yerli Azərbaycanlı əhalidə bu pirin inşası ilə bağlı müxtəlif rəvayətlər mövcud idi.[2] O ərazidə olanda pir daşdan inşa edilmişdi və qısa müddət əvvəl yenidən bərpa edilmişdi. Onun metaldan olan damı qırmızı rəngdə boyanmışdı və inanclı insanların üçün əlavə bir köməkçi tikilisi var idi. Binanın yanındakı iri palıd ağacının altında vaxtilə niyyət edilmiş qurbanlar kəsilirdi. Şamlar isə pirin qəbrinin üzərindəki masayabənzər örtüyün üzərində yandırılırdı. Binanın həm daxili divarlarında, həm də giriş hissəsinin eyvanının fasadında müxtəlif divar rəsmlərinə, dini şəxslərin rəsmlərinə ( əlində ikibaşlı zülfüqar qılıncı tutmuş İmam Əli), əsas otağında dini ornamental təsvirlərə rast gəlinirdi. Otağın ortasında müqəddəs şəxsin qəbrinin üzərində masaya bənzəyən və onu qoruyan taxta tipli, üzəri qara rəngli süfrə və ya parça ilə örtülmüş dördkünc məzar yerləşirdi. Taxta qoruyucu masanın üzərində 1916-1917-ci ildə qoyulmuş daş kitabə görünürdü. Bu kitabənin şəklinə əsasən aşağıdakı yazını oxumaq mümkündür :
يا محمد يا علي، ... ١٣٣٥ ... صاحب الزمان، السلام عليك يا صاحب الزمان، السلام عليك يا خليفة الرحمن، السلام عليك يا شريك القرآن، السلام عليك يا قاطع البرهان، السلام عليك يا إمام الإنس والجان، السلام عليك وعلى أبنائك الطيبين وأجدادك الطاهرين المعصومين. ورحمة الله وبركاته.
Ey Məhəmməd, ey Əli... 1335 (1916-1917 ci illər)... Zamanın sahibi. Sənə salam olsun, ey zamanın sahibi, Sənə salam olsun, ey bağışlayanın varisi, sənə salam olsun, ey Quranın bərabəri, sənə salam olsun, ey inkarolunmaz həqiqət, sənə salam olsun, ey insanlar və cinlərin imamı, sənə və yaxşı atalarına, saf və günahsız əcdadlarına salam olsun. Allahın mərhəməti və səxavəti ilə."
1932-ci ildə məzarın yanında çoxlu şamdan, islam müqəddəslərinin portretləri var idi və bu da onu göstərirdi ki, ziyarətgah sovet hakimiyyətinin əks-təbliğat işlərinə baxmayaraq Naxçıvan və Zəngəzurun yerli müsəlmanları tərəfindən istifadə edilirdi. Pirin yerləşdiyi otaqdan başqa, digər bir otaqda burada dəfn edilən müqəddəs şəxslə yaşamış 3 nəfər qadının da üzəri qara parça ilə örtülmüş qəbri yerləşirdi. Onların qəbrlərinin baş hissəsinə üçbucaq daşlar qoyulmuşdu. Erməni etnoqraf bildirir ki, burada dəfn edilən şəxsin adını öyrənmək mümkün olmamışdır.
1950-1960-cı illərdə Buğakar piri ətrafı Lehvaz kəndinin camaatının kolxozuna tabe idi. Burada alma bağları və yay evləri yerləşirdi. Hazırda isə pirin ərazisi 1989-cu ildə dövlət tərəfindən yaradılmış Buğakar təbiət qoruğunun ərazisindədir.
Buğakar piri təpənin üzərindədir və ətrafı meşəlik dərələrlə əhatə olunmuşdur. Bu pir 1988-ci ilə qədər Naxçıvan və Zəngəzur əhalisi üçün müqəddəs bir ziyarətgah kimi öz dini tikili xüsusiyyətlərini qoruyub saxlamışdır. Həmçinin, bu ziyarətgahda ermənilər tərəfindən qurban kəsilməsi adətinə də rast gəlinmişdir. Maraqlıdır ki, dağ cığırları ilə Ordubaddan bura hər il inanclı insanlar ziyarətə gəlirmiş.
2018-ci ildə erməni jurnalist və tədqiqatçılar pirin binasında olmuş və onu ətraflı təsvir etmişlər. Müqəddəs şəxsin dəfn edildiyi bina və ətraf tikililər kobud əhəng daşı və gildən inşa edilmişdir. Qərb fasadına daxili nişlərə malikdir. Əsas giriş şərqdəndir, qalan iki giriş isə şimal və cənubdandır. İslam məbədlərində rast gəlinən qiblə istiqamətindəki mehrab burada yoxdur, əvəzində onun yerinə giriş qapısı gözə çarpır. Gümbəzin dam örtüyü mühafizə olunub. 2018-ci ildə rast gəlinən interyer elementləri ilə 1932-ci ildəki interyer elementləri bir-birindən fərqlidir. Bu da onu göstərir ki, interyer 20-ci əsrin ikinci yarısında yenidən işlənmiş, 1988-ci ildən sonra isə pirin daxili hissəsi vandalizmə məruz qalmışdır. Daxili fasadı bəzəyən suvaq örtüyü tamamilə dağılmış, qızılaxtaranlar tərəfindən pirin içərisində və həyətində qeyri-qanuni qazıntılar aparılmışdır. 2024-cü ildə Azərbaycan televiziyası (CBC) tərəfindən Buğakar pirinə həsr edilmiş uzun video reportajdan görünür ki, pirin ərazisi və oradakı tikililər dağıntıya tamamilə tərk edilmiş vəziyyətdədir.[3] Bu da onu göstərir ki, 2018-2024-ci illər arasında pirin dördkünc türbəsi məqsədli şəkildə dağıdılmışdır.
[1] History Museum of Armenia, Lisitsian Archive1540-106, size 8x10,8 cm, History Museum of Armenia, Lisitsian Archive, 1540-103, size 8x10.9 cm History Museum of Armenia, Lisitsian Archive 1540-102, size 8x10,9 cm, History Museum of Armenia, Lisitsian Archive 1540-104, size 7.5 x 10.7 cm
[2] “buranın inşasından əvvəl gecələr həmin ərazidə sirli hadisələr baş verirdi və bu, insanları qorxudurdu. Nəticədə heç kim orada məskunlaşmırdı. Əfsanədə deyilir ki, orada gecələyənlər işıqlar görür və səslər eşidirdilər. Onlar qorxub oranı tərk edir və bir daha geri qayıtmırdılar. Nəhayət, qorxmaz bir xan qərara gəldi ki, həmin ərazidə bir bina tikdirsin. Onun xidmətçiləri binanın bir divarını inşa etdilər, lakin səhər o divarın sirli şəkildə dağıldığını gördülər. Onlar divarı yenidən tikdilər, lakin o yenə dağıldı. Xan çaşqın qalmışdı. Nəticədə, ağsaqqal bir kişi xanı yanına çağırıb gördüyü yuxunu danışdı. Ağsaqqal yuxusunda başqa bir qoca kişi görmüşdü. Yuxuda o kişi şikayət edirdi ki, həyat yoldaşı narahat olur: hər gecə divar tikirlər, lakin arvadı zorla əlini oradan çıxara bilir. Ağsaqqalın yuxusunu eşidən xan orada dini şəhidlər üçün pir inşa etdirməyi qərara aldı. Tikinti çox tez başa çatdı və beləliklə, Boghakar piri yarandı”.