Azərbaycan alimi, etnoqraf və arxeoloq Ələsgər Ələkbərov tərəfindən 1926-cı ildə Qarakilsə rayonunda (indiki Ermənistan SSR-in Sisian rayonu) Urud abidələri aşkar edilmişdir və o, bu haqda qısaca olaraq belə yazmışdır: "Urud kəndində, köhnə qəbiristanlıqda... çoxlu qəbir abidələri (insan şəkilləri və yan tərəflərində yazıları olan quyruqlu qoyun heykəlləri şəklində) vardır. Bu abidələrin bir çoxunda hicri təqvimi ilə 993-dən 999-a qədər olan tarixlər və vəba xəstəliyindən ölüm qeydi var. 1960-cı ildə Urud kəndində olan Ziya Bünyadov bu qəbrüstü abidələrə diqqət çəkmişdir. 1961-ci ildə Ermənistan SSR Elmlər Akademiyasının Arxeologiya İnstitutu və Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarının birgə epiqrafik ekspedisiyası zamanı Məşədixanım Nemətova Urud abidələrini araşdırmış, onların üzərindəki yazılar və relyeflərin fotoşəkilləri çəkmiş və estamplarını hazırlamışdır. Onların xronoloji çərçivəsi hicri təqvimi ilə 883-1019-cu illəri— miladi 1478-1610/11-ci illəri əhatə edir. Bu tədqiqatlar nəticəsində Azərbaycan tarixşünaslığı üçün çox əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Urud qəbir daşlarındakı epiqrafika və relyef təsvirləri Zəngəzur ərazisində yaşayan və Qafqaz Albaniyası dövlətinin tərkibində olan alban tayfalarının türkləşməsi (azərbaycanlaşması) prosesini göstərir. Məşədixanım Nemətova bu məsələni müxtəlif toplanlatılarda dilə gətirmişdir.[1]
Urud kəndinin adına Ermənistanın Matedaran əlyazma arxivində saxlanılan və1400-cü ilə aid tarixi sənəddə rast gəlinir.[2] Bu tarixi sənəddə Zəngəzurda yerləşən tarixi yer adları, çaylar, dərələr və dağların adları göstərilmişdir ki, onların hamısı Azərbaycan türk dilindədir. Bu da göstərir ki, nəinki Qaraqoyunlu dövründən, hətta Səlcuqlular dövründən etibarən Zəngəzurun yaylaqları türkdilli tayfalar tərəfindən aktiv şəkildə istifadə edilirdi.
Məşədixanın Nemətovanın Urud qəbrüstü abidələri haqqında kitabında aşağıdakı məlumatlar verilir :
Urud abidələrinin fiqurlarının konturları, onların hazırlanma texnikası, ölçüləri və yazı üslubu, bunların eyni daşyonanın işi olduğunu göstərir. Bu, İmamqulu oğlu Çələbinin abidəsidir, o, İftixar Əmirəm oğlu ilə eyni ildə - hicri 986-cı il (miladi 1578/79) vəfat etmişdir. Əmirəm oğlu İftixarın qoç fiqurlu daş abidəsinin yanında onun qardaşları Məhdigar (hicri 986 = miladi 1578/79) və Əliyar (hicri 989 = miladi 1581) üçün qoyulmuş digər sandıq formalı məzar abidələri var. Burada həmçinin Məhəmmədqulu oğlu Əmirəmin gəlini Parixan üçün qoyulmuş sandıq formalı abidə də var; o, hicri 990-cı ildə (miladi 1582) vəfat edib. Eyni qəbiristanlıqda, lakin başqa bir hissəsində, Məhəmmədqulunun nəvəsi - Vəli bəyin oğlu İbrahim Əli də dəfn edilib. Beləliklə, qarşımızda bir ailənin məzar kompleksi var.
Urud qəbirstanlığında təmiz azərbaycan dilində yazılmış məzar daşlarındakı şeir mətnləri göstərir ki, XV-XVII əsrlərdə Zəngəzur əhalisinin böyük hissəsi azərbaycanlı olub. İmamqulu oğlu Çələbinin məzar daşına həkk olunmuş azərbaycan dilində olan elegiya, Quba rayonunun Pirvahid kəndində dəfn olunmuş Şeyx Səfinin (hicri 1054 = miladi 1644/45-ci illərdə vəfat etmişdir) epitafiyası ilə oxşardır. Urud qəbirstanlığında rast gəlinən bir variantı olan iki misralıq şeir, XIX əsrə aid Kəlbəcər rayonunun Zəylik kəndində daşdan hazırlanmış at heykəlinin üzərindəki məzar daşında da təkrarlanır. Urud abidələrinin relyefləri üzərində daha ətraflı dayanmaq lazımdır. Onların üzərində ov səhnələri, kənd təsərrüfatı və sənətkarlıq xarakterli təsvirlər, həmçinin xalq bayramları və ziyafətlər də əks olunmuşdur. Urud abidələrinin relyefləri süjet və ornamental motivlərin zənginliyi, daş üzərində bədii oyma texnikasının mükəmməlliyi baxımından daha yüksək səviyyədədir.[3] Burada quyruqlu qoçların daş fiqurları (qoç daşı) böyük maraq doğurur; Urud qəbrüstü abidələrindən birinin üzərində azərbaycanlı xəttat Vəlinin adı var.
Urud abidələrindəki onqon əsasən açıq qanadlı şahin təsviridir. O, müxtəlif heyvanların budaqlı maralın, öküzün və ya qoçun üzərində oturmuş vəziyyətdə göstərilib. Quş-onqonların əzəmətini vurğulamaq üçün, onlar böyük ölçüdə təsvir olunub və oturduqları heyvanlardan daha böyükdür. Bir halda heyvanın beli onqonun ağırlığı altında əyilmişdir. Oxşar təsvir XVI əsrə aid ərəb yazısı olan, Samux rayonundan (indiki Mingəçevir) tapılaraq Azərbaycan Tarix Muzeyinə gətirilmiş sanduqə tipli qəbrin üzərində də var.
Urud kəndindəki bəzi sandıq formalı məzar daşlarının üzərində öküz təsviri həkk olunmuşdur, arxasında isə bir əlində balta, digərində qılınc tutan bir insan dayanır. Güman etmək olar ki, bu relyef qurbanvermə mərasimini əks etdirir. Məlum olduğu kimi, ayrı-ayrı quş-onqonlardan başqa, bütün türk tayfalarının bir ümumi onqonu var idi ki, bu da Tibet öküzü - yak idi. O, ildə bir dəfə qurban verilirdi.
Türk xalqlarının dini inancları ilə əlaqədar təsviri sənətdə ortaya çıxan maraqlı motivlərdən biri, üzü mehraba tərəf dayanmış, əlləri yuxarı qaldırılmış vəziyyətdə olan şamanların təsviridir ki, bu motiv Urud qəbrüstü abidələrində də əks olunmuşdur. Bir sıra tədqiqatçıların fikrincə, İslamı qəbul etmiş türkdilli tayfalardakı şamanlar İslam mühitində yaşayıb öz fəaliyyətlərini davam etmişdilər. İslamı qəbul edən türkdilli tayfalar isə qədim türk dini kultlarının bir sıra elementlərini İslamın çərçivəsinə uyğunlaşdırmışdı. Urud qəbrüstü abidələrində istifadə edilən və yuxarıda bəhs edilən motivlər Zəngəzur ərazisində yaşayan qədim türk tayfalarının dini inanclarını və məişətini əks etdirir. Qeyd etmək lazımdır ki, bu motivlər həmin zonadakı erməni abidələrində yoxdur. Urud abidələrində, dəfn edilmiş şəxslərin türkləşmə prosesini daha qədim dövrə aid edən epiqrafik məlumatlar da var. Alban tayfalarının qriqoryanlaşdırılması - erməniləşdirilməsi və gürcüləşdirilməsi haqqında çox yazılıb, lakin onların türkləşməsi haqqında dolayı məlumatlar, arxeoloji, etnotoponimik və digər materiallar mövcuddur. Urud abidələri, alban tayfalarının uzun müddət türkləşməsi və islamlaşması prosesini və onların Azərbaycan xalqının formalaşmasında rolunu göstərən yeganə yazılı mənbə və maddi sübutdur.
Məşədixanım Nemətovanın Urud abidələri haqqında tədqiqatlarına cavab olaraq erməni şərqşünas alimlərindən Papazyan, Xaçatriyanın mətbuatda kəskin, elmi cəhətdən əsaslandırılmamış və daha çox təxribat xarakteri daşıyan çıxışları olmuşdur. Onlar 36 səhifəlik bir pamflet yazaraq onu 1 oktyabr 1986-cı ildə "Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri" jurnalına, həmçinin Azərbaycan KP Mərkəzi Komitəsinə və Sov.İKP Mərkəzi Komitəsinə göndərdilər. Bu pamfletdə müəllif Aleksan Akopyan, Məşədixanın tərəfindən irəli sürülən bu elmi ideyanı "sovet konstitusiyasına, proletar beynəlmiləlçiliyinə və çoxmillətli ölkəmizin qanunlarına qarşı yönəlmiş təxribat xarakterli akt" kimi səciyyələndirmişdi. Bu hadisədən sonra növbəti addım Zəngəzur rayonunun Urud kəndindəki orta əsr nekropolunun məhv edilməsi oldu.
Urud qəbiristanlığında sağ qırağında ayaq üstə dayanmış bir qadın fiqurunun təsvir edildiyi bir sandıq formalı qəbir daşı saxlanmışdır. Qadının sağ əli belindədir, sol əlində isə xalça sapının sıxlaşdırılması üçün istifadə olunan bir alət olan "kirgit"i tutur. Onun ətrafında çoxdişli iki alət, ikidişli bir alət və xalçaçılıqda istifadə olunan bir bıçaq oyulmuşdur. Sandığın sol tərəfində toxucu dəzgahı, od qarşısında əllərini yuxarı qaldırmış şamanın, böyük mis küplə duran insanın təsviri həkk olunmuşdur. Xalçaçılıq baxımından Urud kəndində Ay-Soltanın məzar sanduqəsi üzərindəki təsvirlər maraqlıdır (hicri 992 = miladi 1584-cü il). Sanduqənin bir tərəfində ortada toxucu dəzgahı təsvir olunub, sol və sağ tərəfində çöməlib oturan qadınlar həkk olunub. Sağ tərəfdəki qadın sağ əlində kirgit tutur. Onun başının üstündə yun iplikdən bir top təsvir edilib. Soldakı qadın sol əlində bir döyəcləyici alət tutur, sağ əlini isə yun darağının üzərinə qoyub. Üst hissədə müxtəlif alətlər, kirgit, qayçı və yun topu həkk olunub). Rəssam burada xalça toxuma prosesini təsvir etmişdir.
Dağətəyi rayonlarda xalçaçılıqla məşğul olan əhalinin məişətində yundan ip alınması kimi işlər inkişaf etmişdi. Bu iplərdən geyim, xalçalar, palazlar, cecimlər, xurcunlar və digər məişət əşyaları toxunurdu. Xalçaçılıq Zəngəzur bölgəsinin dağətəyi rayonlarında əhalinin əsas məşğuliyyətlərindən biri olmuşdur və burada xırdabuynuzlu mal-qaranın geniş yayılması bu sahənin inkişafına kömək etmişdir. Bu sahənin inkişafına həmçinin həmin rayonların isti geyim və əşyalar tələb edən iqlim şəraiti də imkan yaratmışdır. Qədim zamanlardan dağətəyi rayonların təsərrüfatında qoyunçuluğun mühüm yer tutması ilə əlaqədar olaraq, onun təsviri təsviri sənətə daxil olmuşdur. Həmçinin dağlarda nəqliyyat vasitəsi kimi istifadə olunan at təsvirləri də mənimsənilmişdir. Yəqin ki, bu, məzar daşlarının at və ya qoç daş heykəli formasında olmasının səbəbini izah edir.
Zəngəzurun tarixi ərazisində yerləşən məzar daşları üzərində mərhumun fəaliyyəti və maraqları ilə bağlı müxtəlif məişət səhnələri həkk olunub. Bu baxımdan Urud kəndində olan qəbr daşları maraqlıdır, çünki onların üzərində ov səhnələri təsvir edilmişdir. Ovçuluq keçmişdə dağətəyi bölgədə yerləşən əhalinin sevimli məşğuliyyətlərindən biri idi. O dövrdə təsərrüfatda ov zamanı tutulan vəhşi heyvanların əhliləşdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Urud kəndindəki bir abidədə atlı və piyada ovçuların vəhşi heyvanı üç və ya dörd tərəfdən əhatə etməsi kimi ov səhnələri təsvir olunub. Ovçular əsasən maral, ceyran, keçi və dağ keçiləri ovlayırdılar. Ov zamanı abidələrdə təsvir olunan həm isti, həm də soyuq silahlardan istifadə edirdilər: tüfənglər, tapançalar, dəyənəklər, nizələr, qalxanlar, oxlar, kamanlar, baltalar, qılınclar, qınlıqlar və s.
Bir qəbir daşında mərhumun (xan Məhəmməd 983-cü il) zərgər olduğuna işarə edən üzük, boyunbağı, sırğa, bilərzik şəkilləri həkk olunub. Qəbir daşlarında həkk olunmuş şer parçaları, daular, islam dini hədislərindən və Qurai-Kərimdən sitatlar, bu ərazilərdə yaşayan mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. Xarakterik haldır ki, bütün qəbir daşlarında mərhumun yalnız ölüm tarixi qeyd olunub.
Yuxarıda qeyd etdiyimiz kimi, Urud qəbiristanlığında 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınıb. Dekorativ-tətbiqi sənət nümunələri olan abidələrin bir hissəsi muzeylərdə nümayiş üçün yerindən götürülərək aparılıb, bir hissəsi isə naməlum şəraitdə yox olmuşdur. Urud kəndindəki qəbr daşlarının hazırda vəziyyəti barədə monitorinq aparmaq qeyri-mümkün olmuşdur. Vaxtilə tədqiq olunmuş qəbir daşlarından bəziləri Qarakilsə rayonunun və Gorus rayonunun diyarşünaslıq muzeylərində qorunur.
Sözügedən qəbr abidələrindən bəziləri aşağıdakılardır :
1-ci sandukə:
Allah, Məhəmməd, Əli. kəndxuda Şeyx Rida oğlu Əmrusal.883-cü il ramazan ayı. Ağvan soyundan. (Min övladı ağva(n). Ramazan 883=1478
الله محمد علي امروسل ولد كندخودا شيخ رضاء في شهر رمضان سنة ٨٨١ من اولاد اوغلو
2-ci sandukə :
Sandukənin üzərində öküz üzərində oturan onqon (şahin quşu), həmçinin ox-yayı əlində tutmuş insan, süvari şəxs və s. təsvir edilib.
(qəbrin )sahibi və yiyəsi mərhum Oğul ibn Murad. 963 (1555/1556)
... صاحبه و مالك ه المرحوم اوغول بن م راد سنة ٩٦٣
3-cü sandukə :
Yuxarı hissəsində : Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın Elçisidir, Əli Alahın dostudur. Pərixan gəlin. Əmiram ibn Məhəmmədqulu. Taun xəstəliyindən ölüb. 909-cu il (1503/1504)
Baş tərəfindən yuxarı hissədə : Allah, Məhəmməd, Əli
Kənar tərəflərində :
İlahi! Məhəmmədə davamlı dualarla xeyir-dua ver, və Məhəmmədə davamlı xeyir-dualarla bərəkət ver; Məhəmmədə davamlı mərhəmət göstər; İlahi ! Mühəmmədin ruhuna xeyir-dua ver və Məhəmmədin məzarına məzarlar arasında xeyir-dua ver, və Məhəmmədin cəddinə xeyir-dua ver, Məhəmməd və Məhəmmədin məzarına - üzərinizdə Rəhmli olanın mərhəməti olsun.
4-cü sandukə :
Sandukənin ölçüləri 0,93smx0,32sm-dir. Yuxarı hissəsində
Allah, ya Məhəmməd, Ya Əli, Xan Məhəmməd ibn Manahid 983-cü il. 1575/1576
5-ci sandukə :
Sandukənin üzərində bir əlində balta tutmuş və öküzü kəsməyə və ya qurban etməyə hazırlaşan insan təsvir edilmişdir.
Ölçüləri (0,76x0,32 м). Sağ tərəfində yazılıb : 986-cı il. Məhdigar vələd Əmiram. (1578/79)
6-cı sandukə :
Onqon (Şahin fiquru) öküzün üzərində oturub və onun ağırlığından öküzün beli əyilmişdir.
Ölçüləri : (1,42x0,80x0,28 м)
Allah, Məhəmməd, Əli, Kədəxur vələd Muri. Və...
Yan tərəfində : Kəlimeyi-şəhadət
7-ci sandukə
Bu sandukədə mürəkkəb şəbəkəni, həndəsi naxış kompozisiyasını görmək mümkündür.
(0,97x0,21x0,33 м)
Sol tərəfdə :
Bəhmən vələd İmamqulu. 986-cı il. (1578/1579)
8-ci sandukə
Bu sandukənin üzərində xalça toxunması səhnəsi təsvir edilmişdir. Burada qayçı, xana, yun darağı, həvə və s. təsvir edilmişdir.
Yuxarı hissəsi (0,85x0,35 м) :
Allah, Aysoltan. 992-cı il (1584)
Sağ tərəfdə : kəlimeyi-şəhadət
Sol tərəfdə : xalçaçılıqdan səhnələr təsvir edilib.
9-cu sandukə
Yan tərəflərində : kəlimeyi-şəhadət
Daha sonra isə məzarda mərhumun adı və azərbaycanca şeir əks olunub :
İbrahim Əli bin Vəli bəy ibn Məhəmmədqulu
Üzərində Azərbaycan dilində bu şeir yazılmışdır :
Bir cavanı nazəninin məskənidir bu məzar,
Eyləmiş nazik tənin xak ilə yeksan ruzigar
Daşı yazdı : Vəli. 989-cu ildə taundan ölüb. (1581)
10-cu sandukə
Yuxarı hissədə :
Allah/ Mahmud ibn Kərəm, 909-cu il (1503/1504)
Kənarlarında : kəlimeyi-şəhadət
11-ci sandukə
Ölçüləri : 1,35x0,41x0,32 м
Əliyar ibn Əmiram övlad Məhəmmədqulu sənə 989=1581
Yan hissələrində : kəlimeyi şəhadət
Daha sonra : Peyğəmbər və ailəsinə salavat duası
12-ci sandukə
Şah Nəzər ibn Nuri sənə min yeddi. 1007/ 1598/1599
Yan tərəflərində : Kəlimeyi-şəhadət
13-cü sandukə
Bu sandukədə xalça işi ilə məşğul olan qadın obrazları verilmişdir. Burada əllərini yuxarı qaldıran və Orta Asiya daşüstü abidələrində rast gəlinən şaman təsvirinə də rast gəlmək mümkündür. Burada həmçinin əlində proporsiya olaraq çox iri təsvir edilmiş mis qaba rast gəlmək mümkündür. Dairəvi dönən günəş təsvirinə, çərxi-fələk fiquruna rast gəlinir.
Ölçüləri : 0,75x0,27x0,16 м
Yuxarı hissəsində : Allah Tohiyyə Ummət
14-cü məzar : qoç daş qəbri
Qoç daş tipli məzarın ölçüləri : (1,12 m x 0,67 m)
Qoçun bel hissəsini örtən azərbaycan dilindəki yazı :
De gil ki, yarın gördüm gözü qanlu, sözü odlu
Orta hissəsini örtən yazıda mərhumun adı və azərbaycanca bir misra həsr edilib :
İftixar vələd Əmir sənə (il) 986-cı il (1578) “Yoxdur bu dərdimə çarə”
Sağ kənarında Əli, Məhəmməd, Əli. Övladı ağva(n)
15-ci məzar : qoç daşı qəbri
Ölçüləri : (1,12x0,67 м)
Sağ tərəfində :
bir cavan nazənin məskınidir bu məzar, eyləmiş nazik tənin xak ilə yeksan ruzigar sənə 986=1578/1579 Çələbi vələd İmamqulu
Sol tərəfdə : ov səhnəsi əks olunub
16-cı məzar : qoç daşı qəbri
Ölçüləri : (1,22x0,35 м)
Sağ tərəfində : Səfərqulu il 993/1585
17-ci məzar : qoç daşı qəbri
Ölçüləri : (1,04x0,64 м)
Sağ tərəfində : kəlimeyi-şəhadət
Yuxarı hissəsində : Allah, Məhəmməd, əli,
Sol tərəfində :
Salavat, dəri xəstəliyindən (…öldü). Fəxr ibn İsgəndər 1019/1610
[1] Azərbaycan xalqının milli lideri, ulu öndər Heydər Əliyevin qarşısında çıxış edərkən (1999) o, demişdir : “Hörmətli Prezident! Siz Zəngəzur məsələsinə toxundunuz. Zəngəzur qədimdən bəri Azərbaycan torpağıdır. Bunu sübut etmək üçün mən, belə demək mümkünsə, əlimdən gələni etdim. Bu məsələyə böyük aydınlıq gətirən Urud qəbiristanlığı oldu. O vaxta qədər bütün tarixçilər yazırdılar ki, İslamın gəlişi ilə xristian olan alban tayfaları qriqoryan və yunan-katolik dinlərini qəbul edərək zamanla erməni və gürcü etnoslarına çevrilmişlər. Mərhum Ziya Bünyadov "VI-IX əsrlərdə Azərbaycan" adlı kitabında yazırdı ki, onların heç biri İslamı qəbul edib, türklərə çevrilmədimi? Bu suala cavabı Urud qəbiristanlığı verdi. Orada qoç fiqurlu və sandıq formasında olan qəbir daşları vardı. Onlardan ikisində "min övladı ağban", yəni "biz alban soyundanıq" yazılmışdı. Və onların hamısı İslamı qəbul etmişdilər - qəbir daşlarında müsəlman adları və Quran ayələri var idi. Deməli, alban tayfaları arasında İslamı qəbul edərək özlərini türklər adlandıranlar da var idi. O zaman Akopyan mənə təhdid etməyə və tənqid etməyə başladı. Onlar "min övladı ağban" sözlərinə bəzi hərflər əlavə etdilər və dedilər ki, bu xəttatın səhvidir, guya o savadsız idi. "Neymətova elmə yenilik gətirə bilməz, xəttat savadsız olub və yanlış yazıb. Burada ermənilər dəfn olunub. Əmir Teymur bu bölgəyə gələndə onları zorla İslamı qəbul etməyə məcbur edib !" - deyə o iddia etdi. Sonra isə özləri traktorla bu qəbiristanlığı dağıtdılar. Mən o zaman Papazyana yazdım: "Əgər siz haqlı olsaydınız, bu abidəni bütün dünyaya göstərərdiniz və deyərdiniz ki, Zəngəzur erməni torpağıdır. Əgər belədirsə, niyə qəbiristanlığı dağıtdınız?" Deməli, xəttat da düzgün yazıb, və Məşədixanım da düzgün oxudu.
[2] документы Матенадарана, Персидские, and I. I. Купчие. "Выпуск первый (XIV-XVI вв.)." Состав лен АД Папазяном. Ереван (1968): 55. Ss.251-252
[3] Корпус Эпиграфических памятников, III 2003 год, ss.11-12