Hacı Baba türbəsi XVI əsrin sonu və ya XVII əsrin əvvəllərində tikilmiş və Ermənistanın Mehri rayonunun Şvanidzor kəndindən 6 kilometr şimalda, Nüvədi kəndinin 8,5 kilometr şimal-şərqində yerləşir. Nüvədi və Şvanidzor kəndinin sakinlərinin yaylaqlarının yaxınlığındadır. Türbə bir növ azərbaycanlı və erməni əhalinin istifa etdiyi yay otlaqlarının sərhədindədir.
İslam dini abidəsi və azərbaycanlıların müqəddəs ziyarətgahı olan Hacı Baba türbəsinə çətin keçilən yolla, Şvanidzor kəndindən getməklə çatmaq olar. Meşəlik zonada yerləşdiyi üçün ovçular tərəfindən hazırda sığınacaq kimi istifadə edilir. Türbə təpənin zirvəsində, palıd ağacının budaqları ilə əhatə olunmuş vəziyyətdədir. Konusvari formadadır və təxminən altı metr diametrə, daxili kamerada isə dörd metrə yaxın hündürlüyə malikdir. Xarici divarları çökməyə başladığı üçün tədricən təpəyə batır. 2012-ci ildə tavanın üzərində böyük bir çat var idi. Cənub tərəfində ona bitişik müsəlman qəbirstanlığı var. 2018-c ildə burada çoxsaylı qəbirlər hələ də qalırdı. Hacı Baba qəbirstanlığında üzərində kirilcə yazılı qəbirlərin də olması onu göstərir ki, yaxınlıqdakı yaylaqda vəfat etmiş azərbaycanlılar burada son dövrə kimi dəfn işləri həyata keçiriblər. Türbənin ortasında iri boz daş var və vaxtı ilə bu daş qadınlar tərəfindən müqəddəs hesab edilmişdir. Övladı olmayan qadınlar bu daşı ziyarət edib Tanrıdan uşaq istəyər və burada qurban kəsərdilər.
Türbə kobud daş və palçıq məhlulundan inşa edilib. Divarlardakı vəziyyət göstərir ki, vaxtı ilə burada bərpa işləri görülüb. Dairəvi plana malik olan pirin girişi şimal-şərq tərəfdəndir. Cənub-qərb tərəfdən olan giriş çox güman ki, sonradan bağlanmışdır. Şimal və cənub tərəfdən olmaqla 2 ədəd pəncərəsi var. 8 ədəd sütunu birləşdirən tağlar sərt dam örtüyünü saxlayır. 1961-ci ildə Məşədixanım Nemətova bu məqbərədə olmuş və aşağıdakılar yazmışdır :
“Məqbərənin daxili planı 16 bucaqlıdır, xarici tərəfdən iri bir struktura malikdir. Daxildə bəzi küncləri yarımdairəvidir (4,70x4,70 m). Divarın eni 1,14 m-dir. Daxildə döşəmədən tavana qədər olan hündürlük 3,50 m-dir. Məqbərə binası bir neçə dəfə bərpa və təmir edilmişdir. Daxildə günbəzin üzərində köhnə suvaq qismən qorunub saxlanılıb ki, bu da günbəzin əvvəlki formasını qoruduğunu göstərir.
Məqbərənin içərisində iki sementlənmiş məzar yerləşir. Kənarda qoç daşına bənzər bir məzar abidəsi (0,51x0,41 m) yerləşir. Deyilənlərə görə, bu abidə məzarlardan birinin üzərində yerləşmişdi. Qəbiristanlıq hazırda da dəfn üçün istifadə olunur. Yerli sakinlər - azərbaycanlılar məqbərəni ibadət yeri kimi ziyarət edirlər.
Adətən, əgər abidə öz əvvəlki görünüşünü dəyişmişsə və üzərində tarix bildirən yazılar yoxdursa, onun təxmini tarixini müəyyənləşdirmək üçün ətrafındakı məzar daşları əhəmiyyət kəsb edir. Burada məqbərəyə ən yaxın olanlar nəzərə alınır. Bu baxımdan ərəb dilli yazılara malik iki məzar daşı bizim diqqətimizi cəlb etdi.
(yer üzündə olan) hər şey məhv olacaq : 932=1525/1526
(yer üzündə) hər şey məhv olacaq. Mərhum və bağışlanmış Yaramad, 995-ci il. 1586/1587
Bu iki məzar daşına görə Hacı Baba türbəsinin ən azı 16-cı əsrə aid etdiyini asanlıqla söyləmək olar”.
Məşədixanımın 1961-ci ildə müşahidə etdiyi, məqbərənin daxilindəki iki qəbr və bir qoç daş qəbri hazırda yerində yoxdur. Türbənin ətrafında yerləşən yuxarıdakı iki qəbr də ya vandalizmə məruz qalmış, ya da zamanla dağılmışdır, belə ki, 2018-ci ildə buranı ziyarət edən erməni tədqiqatçılar bu qəbrləri yerində görməyiblər. Lakin, onların qeydlərinə görə qəbirstanlıqdakı qəbrlər üzərində ərəbcə və kirilcə yazılar indi də gözə dəyir. H.1255 (m. 1839-1840) tarixə aid qəbr və h. 1317 (1899) aid qəbrlər 2018-ci ildə erməni jurnalistlər tərəfindən sənədləşdirilmişdir.
Bu abidə, 2006-cı ildən etibarən Ermənistanın etnik azlıqlarının mədəni irsi üçün hökumət tərəfindən "Syunikdə qeyri-erməni tarix və mədəniyyət abidələri" kateqoriyası üzrə dövlət mülkiyyəti kimi qorunur. Məqbərə palıd ağacının budaqları ilə əhatə olunmuş təpənin zirvəsində yerləşir. Diametri təxminən altı metr və daxili kameranın hündürlüyü dörd metrdən az olan konusvari formadadır. O, daşdan hazırlanıb və iki təməl daşının ətrafında qara parça ilə örtülmüş kiçik kvadrat hasardan ibarətdir. Daşların üzərində iki kitabə var: bir kitabədə erməni dilində "Baba" və birində isə ərəb qrafikası ilə ulduz və aypara ilə "Hacı" sözü yazılıb.
Hacı Baba türbəsi barədə müxtəlif reportajlar hazırlanmış və məqalələr nəşr edilmişdir. Müxtəlif müəlliflər yazır ki, vaxtı ilə həm ermənilər, həm də azərbaycanlılar ehtiramlarını bildirmək və qurban kəsmək üçün daim Baba-Hacı türbəsini ziyarət edirdilər. Bu səbəbdən ziyarətgah hər iki millət arasında etnik harmoniyanın nadir simvolu kimi təqdim edilir. 2013-cü ildə Britaniyalı jurnalist Maxim Edwards bu türbəni ziyarət edərək onun haqqında ətraflı reportaj hazırlamışdır. Onun bildirdiyinə görə Şvanidzor kəndinin yaşlı sakinləri hələ də and içərkən “Hacı Baba” türbəsinə and içirlər.[1] Türbəni ətraflı təsvir edən jurnalist onun içərisində orta hissənin qazıldığını görür. Erməni sakinlərin bunu vəhşi heyvanların etdiyini yazsa da türbənin içərisinin və kənarlarının qazılması və quyuların əmələ gəlməsi qızılaxtaranların əməli olduğu aydındır.
1988-ci ilə kimi türbənin yanında yaşayan bir azərbaycanlı buraya ziyarətə gələnlərə qulluq edir, türbədə daima samovar çayı dəmlənirdi. Tanrıdan övlad istəyən erməni ailələr bu gün də bu türbəni ziyarət edirlər. Türbənin ətrafında çoxsaylı xırda ölçülü qəbirlər vardır ki, bu da erkən yaşda vəfat edən körpələrin burada basdırılması adətinə görədir. Ermənilər türbənin müxtəlif yerlərində yaranan çatlar və su sızmasından əmələ gələn rütubətli yerlərdə İsa peyğəmbərin üzünə bənzəyən təsvirlərin yarandığı barədə fikirlər bildirirlər.
Türbə 1981-ci ildə yaxınlıqda yerləşən Mehri rayonunun Nüvədi kəndinin sakinləri tərəfindən bərpa edilib. Türbə Şvanidzor və Nüvədi kəndinin arasında yerləşdiyi üçün buradan adətən hər iki kəndin sakinləri aktiv şəkildə istifadə ediblər. Yerli erməni sakinlər türbənin Baba adlı erməni ağsaqqal və Hacı adlı Azərbaycanlı ağsaqqalın hər iki icmanı barışdırmaq məqsədi ilə tikildiyini söyləyirlər. Digər bir versiyaya görə isə, türbə ermənilər üzərində qələbə qazanan türklər (azərbaycanlılar tərəfindən) tərəfindən tikilib. Əslində isə, bu türbənin memarlıq quruluşuna görə sufi şeyxlərindən birinə məxsus olduğu, onun vəfatından sonra isə türbənin ziyarətgaha çevrildiyini asanlıqla söyləmək olar.
[1] https://www.opendemocracy.net/en/odr/baba-hadji-symbol-of-ethnic-harmony/