2021-ci ildə səyahətçi blogger tərəfindən sosial mediada paylaşılmış, Amasiya şəhərindən Arpi gölü istiqamətində getdikdə yolun sol tərəfində, zəmilərin ortalarında yerləşən 70-dən artıq qəbir daşı Azərbaycan daşoyma sənətinin ən gözəl nümunələrini özündə daşıyır. Qəbirlər üzərində vəfat edənin ad və soyadı ilə yanaşı, müxtəlif rənglərdən istifadə etməklə naxışlar (gül, məscid, ölən şəxsin peşəsinə işarə edən əmək alətləri və s.) və müxtəlif şeirlər verilmişdir. Şeirlər əsasən ağı üslubuna, bayatı janrına yaxındır. Sovet dövründə vəfat etmiş bəzi şəxslərin qəbirləri kiril əlifbası ilə yanaşə yenə də ərəb qrafikalı əlifba ilə yazılmışdır. Bəzi şəxslərin qəbirləri üzərində kitab, xəncər, barıt qabı, daraq, qayçı təsvirləri, bəzi şəxslərdə isə aypara və ulduz, islam rəmzi olan minarə təsviri həkk olunmuşdur.
Qəbirstanlıqda bəzi qəbir daşları təbii deyil, fiziki güc hesabına iki və çox hissəyə bölünüb parçalanmışdır. Bəzi qəbirlər isə yerli erməni sakinlər tərəfindən dəmir durbalar vasitəsi ilə yenidən ayağa qaldırılmışdır.