Balıqlı Qars vilayətinin Qars qəzasında, sonra isə Amasiya rayonunun kəndidir. Rayon mərkəzindən 20-21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. 1991-ci ilin aprelində Ermənistan tərəfindən kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri sürgün edilmiş və Azərbaycanda qaçqın kimi məskunlaşıblar. Bölgə tarixən yaylaq zonası kimi Azərbaycanlılar tərəfindən istifadə edilmişdir. Kəndin adının Arpa gölünün yaxınlığında yerləşdiyi üçün balıqçılıq təsərrüfatı ilə əlaqəli olduğunu ehtimal etmək olar. Balıq sözü həmçinin qədim türk dillərində sığınacaq, yaşayış yeri mənasını da verir və bu etimologiya Azərbaycan alimləri tərəfindən irəli sürülmüşdür.
2015-c ilin sentyabr ayında bir səyahətçi-blogger tərəfindən Balıqlı kənd məscidinin şəkilləri çəkilərək səyahət portalında yerləşdirilmişdir. Məscidin damı dağılmış, daxili isə ciddi şəkildə dağıntıya məruz qalmışdır. Blogger yazır :
Zorakertdə, Arpi gölünün şimal-şərq kənarında, Zorakert məscidinin qalıqları....İnternetdə olan məhdud məlumatlara görə, məscid Sovet dövrünə qədər açıq olub, sonra isə bağlanıb və anbara çevrilib. Biz 2015-ci ilin sentyabr ayında orada olduq. Bugünkü vəziyyətdə dörd xarici divar qalır, tağlı pəncərələr isə hələ də salamatdır. Bir daxili divarda məqbərənin qalıqları görünür. Məqbərənin üzərində və ən azı bir xarici küncdə ərəb yazıları var. Məscid, bir nəfərin həyətyanı sahəsində yerləşir. Biz onların həyətindən keçib məscidi tapdıq və yerli sakinlər bizi qarşıladılar. Aramızdan biri azca erməni dilini bilirdi və kəndlilər bizə qısa bir hekayə danışdılar - onlar 20 il əvvəl kəndə gəldikdə, məscid artıq tərk edilmişdi. Bu, sirli bir yerdir, əgər bölgədə olsanız mütləq görməlisiniz. Həmçinin, göl tərəfə, küçənin qarşısındakı təpədə yerləşən qədim müsəlman qəbiristanlığını da ziyarət etməyi unutmayın, burada həyatımda gördüyüm ən maraqlı məzar daşlarından bəzilərini tapa bilərsiniz”. [1]
Göründüyü kimi 2015-ci ildəki fotoşəkillərdən, məscidin üst dam hissəsi tamamilə, qabaq sol hissəsinin bir tərəfi uçuq vəziyyətdə görünür. Amasiya rayonunun Balıqlı kəndinin məscidi digər məscidlərdən fərqli arxitekturaya malikdir. Məscidin divarlarının tikintisində dördküc kəsilmiş ağ, boz, göy və qırmızı daşlardan istifadə edilib. Uzunluğu 8 metr, eni 4 metrdir (təxmini). Bu da məscidin içəridən və bayırdan görünüşünə ayrı bir gözəllik qatır. Ev memarlığı üslubunda və müasir qaydada tikilib. Arxa sağ və sol tərəfdə yuxarı hissədə oval iki pəncərəsi vardır. Qabaq tərəfdə isə bir pəncərə və geniş giriş qapısı qoyulub. İçəri və bayırdakı pəncərənin altında tünd sarı mərmər daşlar qoyulub. Məsciddə mehrabın üzərində qoyulmuş kitabədə qeyd edilib :
"Balıqlı camaatı cami'ü'ş-şerifi ihya etdi la ilahə illəllah Muhamməd rəsullullah1327 (1909)"
Lakin həmin kitabənin üzərində daha qədim bir kitabədə sadəcə bir neçə hərf qalmışdır.
Məlumdur ki,1909-cu il məscidin bərpa tarixidir. Çünki məscidin bayırında, hörgünün bir küncündə 1816-cı ilə aid başqa bir kitabəyə rast gəlinir. Bu kitabənin çox hissəsi təhrif olmuşdur, lakin onun üzərində “Allah, Məhəmməd, məscid came. 1231” yazısını oxumaq mümkündür :
۱۲۳۱ الله محمد
مسجد جامع
1231 Allah Məhəmməd
Məscid Came
[1] https://www.tripadvisor.com/Attraction_Review-g8628174-d8617125-Reviews-Zorakert_Mosque-Zorakert_Shirak_Province.html